Axtar

Avto insanı əvvəl başdan, sonra da yoldan çıxarır...

Şəkildəki bu qadın nə kraliçadır, nə də inqlabçı…Onsuz çətin ki, bu gün daxili yanma mühərriki ilə işləyən avtomobillər bu qədər mühüm hərəkət vasitəsinə çevrilərdi…Heç Mersedes firması və onun saat kimi saz işləyən avtomobilləri də olmazdı…

Əslində bu qadın ilk sürücüdür.

Berta Benz…

Bəzən insanların şıltaqlıq və tərsliklə şərtlənən hərəkətləri tərəqqinin yönünü dəyişir. Bertanın qət etdiyi 106 kilometr sivilizasiyanın inkişafını yüz illərlə irəli apardı…Amma bu gün mən Berta Benzin şücaətindən danışmayacağam. Bu tamamilə başqa bir söhbətin mövzusudur. Amma hər halda burada Bertanı xatırlamağı özümə borc bildim. Tərəqqinin yükünü daşıyan ilkləri minnətdarlıqla xatırlamaq mənim uşaqlıqdan aldığım ən müdrik dərslərdəndir.

Dəmir atlar erası, yoxsa yeni cəngavərliyə yol?

Müasir həyatda istehlak tempi ildırım sürəti ilə yüksəlir və heç bir böhran bu trendin qarşısını ala biməyəcəkdir. Texnoligiyanın inkişafı da istehlakın tezliyinə inanılmaz dərəcədə güclü təkan verir. Bu da yaşadığımız zamanın mahiyyətindən və tərəqqinin təbiətindən irəli gəlir.

Hal-hazırda həyatın elə atributları var ki, onlar olmadan insanların məişətini təsəvvür etmək mümkün deyil. Əgər təsəvvür etsən belə, bu, əcayib “yuxu”dan daha tez ayılmaq istəyəcəksən. Çünki həyat tempin o qədər zəifləyəcək ki, sanki bir başqasının ömrünü yaşayırsan... Həyat qaraqabaq və boyasız görünən günlərin cansıxıcı sıralamasından ibarət bir mənzərəni xatırladacaqdır.

Bu gün avtomobil istehsalı və onun cığırdaşı olan reklam sahəsi geniş yer alan fəaliyyət sahələrindəndir. Dünya avtoparkı ucsuz-bucaqsız sənaye məkanıdır. Avtomobil yalnız gördüyümüz hərəkətli nəqliyyat vasitəsi deyildir, eləcə də ehtiyat hissələri sənayesidir. Geniş satış və xidmət imperiyasıdır.

Avtomobilin reklamda yeri ciddi yaradıcılıq konseptlərinə dayanıqlıdır. Büdcəli konseptlərə əsaslanır, uzun zamanın axtarışlarının bəhrəsi olaraq insanlara təqdim olunur. Avtomobil tələskənliyi, natamamlığı və xalturanı sevmir.

Sənin səhvin baha başa gələ bilər

Avtomobilin reklamı heç vaxt səhvi bağışlamır, istehsalçıya dəyə biləcək ziyan böyük rəqəmlərlə ölçülür. Avtomobilin reklamı ən müasir texnologiyaların zəminində ciddi istehsal mərhələlərindən keçir.

Bircə onu demək kifayətdir ki, avtomobillərin video çəkilişlərini Günəş çıxana kimi aparmaq tələb olunur ki, gözlə görünməyən kölgələrdən təbii yolla xilas ola biləsən. Birdən səhər çağı hava buludlu oldu? Hələ görün, mənim bilmədiyim nə qədər başqa özəlliklər də mövcuddur. Bunlar da yüksək büdcəli istehsal prosesi və yaradıcı axtarışlar tələb edir. Bu gün avtomobil sənayesi kreativə əvvəlkindən daha çox ehtiyac duyur və hər gün yeni-yeni tələblər irəli sürür. Buna barmaqarası baxmaq olmaz. Çünki, avtomobil bahalı məhsuldur.

Avtomobilin reklamı fərqliliyin zəngin potensialı ilə diqqətəlayiqdir və bu mənada həm də mürəkkəbliyi ilə spesifik sahəyə çevrilir. Avtomobil müasir insanın həyat tərzinə ciddi təsir göstərən və sabahı düşünən dizaynerin, habelə mühəndisin fikirlərinin və təxəyyülünün məhsuludur. Avtomobil ən praqmatik insandan tutmuş ən emosional fərdə qədər geniş çeşidli insan tiplərini əhatə edir və avtomobilə münasibətdə davranışı ilə insan arxetiplərinin 12 tipini rahatca təhlil etmək mümkündür.

Xəyal dünyasına gerçək səyahət

Avtomobil sənin xəyallarının obrazıdır. Sən ona nə isə tam fərqli bir tellərlə bağlısan.

Avtomobil sənin ilkin arzularının təcəssümüdür, ona münasibətdə həmişəyaşar bir uşaqlıq sənin düşüncə və davranışlarına hakim kəsilə bilir.

Avtomobilə bağlanan birdəfəlik bağlanır. Bu bir texniki vasitəyə olan bağlantıdan qat-qat dərin və möhkəm dostluq telləridir. Avtomobil sükanı arxasında sən arzularının təcəssümünü görürsən. O, sənə bir gənclik, sevinc, fərəh, qələbə duyğusu, həyat tərzi, hərəkət genişliyi, ailə ilə bağlantı və unudulmaz istirahət, dostlarla ünsiyyət və yaddaqalan anlar bəxş edə bilir.

Avtomobilə sahib olmaq bir başqa hissdir, bir başqa aləmdir. Duyğuların fəvvarəsidir. Arzunun gerçəkləşməsidir. Yeni bir sərbəslikdir. Yeni bir bəxtəvərlikdir. Yeni hədəflərə yön almaq və həyatda daha da inamlı olmaqdır, yolların qoynunda sürət sərbəstliyidir.

https://www.sostav.ru/publication/gunn-report-predstavil-luchshie-reklamy-avtomobilej-za-50-let-12973.html

Dünyaya təkəbbürlə bax, insanlara deyil....

Sən səni istədiyin yerə uçurub aparan bir dəmir ata sahibsən, səni dinləyir, motorun səssizliyi, yumşaq musiqi, komfortlu cihazlar... Avtomatika, rahat salon bir başqa aləmdir. Salonda sən tam sərbəstsən. Hər şeyə yuxarıdan aşağı boylana bilirsən, amma təkəbbürün insanlara qarşı həqarət deyil, öz yaşamından aldığın zövqün təzahürüdür.

Avtomobil özündə möhtəşəm həyat motivasiyası daşıyır. Səni yüksəkliyə qaldırır, amma sən burada yalnız deyilsən, onlarla, yüzlərlə, minlərlə insanın yanındasan, amma tək deyilsən, bu insanların arasında tam əriyib itmirsən, əksinə, bir fərd olaraq daha gözəgəlimli və orijinalsan.

Məgər sən həmişə belə olmaq arzusunda deyildinmi?!. Avtomobil fərdi ucaldır və eyni zamanda fərdləri öz statusunda fərqli bir yerə-həyata keçən arzular səltənətinə gətirir. Çünki avtomobil insandan üstün ola bilməz, insandan dəyərli ola bilməz, amma insanı fərqli, üstün və arzuolunan statusa yüksəldə bilər.

Avtomobil sənindir, həm də çoxlarında var, hər kəsin arzusu ola bilər və hər kəsə həyata keçən arzunun əlçatanlığını yaşada bilər və səndən bunu çox-çox istəmək, buna can atmaq və bu istəyə yetmək istənilir. Amma bu arzu sənin həyatının mənasını təşkil edə bilməz. Çünki avtomobil sənayesi və model sırası daim inkişafdadır və arzudan həmişə yeni arzu doğur. Odur ki, avtomobilə sahib olmaq istəyinin əsiri deyil, hərəkətvericisi ol.

Avtomobil müasir insanın müasir istəyidir

Avtomobil aktiv həyat tərzini sürənlərin sevimli nəqliyyat vasitəsidir, belə insanlar daim harasa tələsirlər, yeni nailiyyətlərə imza atırlar, həyatı yüksək tempdə və daha dərin yaşamaq istəyirlər. Avtomobilə sahib olanlar daha uğurlu, hərəkətli və özünə güvənənlərdir, onlar yerində saymayan, konkret həyat məqsədi olan və bu məqsədə doğru hədəflərə bölünmüş intervallarla irəliləyən insanlardır.

Avtomobilə sahib olan insan özünü daha yüksək həyat statusunda duyur, hiss edir. Belələrini bir fərqli həyat stili səsləyir. Onlar bu cür həyat tərzinin müxtəlif versiyalarını sınayır və daha mükəmməl avtomobil modellərinə doğru inkişaf edir, öz həyat tərzini də zənginləşdirərək, yaşamını zəngin və mənalı etmək istəyir.

https://www.sostav.ru/publication/gunn-report-predstavil-luchshie-reklamy-avtomobilej-za-50-let-12973.html

İnsanın həyatda inkişafı və status təkamülü onun həyatına əlvanlıq gətirir və onu yeni boyalarla daha rəngarəng edir. Zəngin daxili dünyaya sahib olan insan avtomobildə dəliqanlılıq deyil, etibarlılıq, özünə inam, rahatlıq, təhlükəsizlik, keyfiyyət, komfort axtaracaqdır. Əmin olmaq istəyirsən ki, seçdiyin avtomobil sənin dostun və sirdaşındır, heç zaman səni darda qoymaz və həmişə mənzil başına çatdırar. Çünki bu sənin seçimindir.

Avtomobil həyatına dinamika və çeviklik, sürət və komfort gətirir, o sənə daha eleqant göstərir, daxili zənginliyini və gözəlliyini daha da qabardır, səni mükəmməlliyə motivə edir, hər şeydə bir stil və müasirlik arayırsan, daha hərəkətli və həyatsevər olursan.

Yaxşı avtomobil bir sənət əsəridir

Yaxşı avtomobil mükəmməlliyə doğru yaradıcı axtarışdır, növbəti, daha mükəmməl yeni modelə doğru cəsarətli addımdır. Amma son addım deyildir, daim inkişafda olan və trenddən geri qalmayan bir həyat çağırışıdır.

Avtomobil kiçik və ya böyük olmasından asılı olmayaraq bir həyat tərzi meyarıdır, lakin böyük avtombillər böyük xəyallar üçündür. Onlar insanı başdan və yoldan çıxarır. Onlar hər maneəni dəf edir və bu, həm də sənin xarakterində doğma olan cəhətdir. Keçilməz cığırlarla getmək, yeni hədəfləri aşmaq, yeni uğurlara imza atmaq...

Hər yolun dəmir atı, keçilməz yolların və yolsuzluqların qənimi. Onunla sən özünü daha inamlı hiss edirsən. Dost dosta tən gərək, tən olmasa gen gərəkdir. Hər yolu öz avtomobilin ilə get. Hər yolun öz avtomobili, hər avtomobilin öz ustadı var.

Sən özünə layiq olanını seç, sən özünə avtomobilin ən layiqlisini seç, zövqlü ol, zövqlü yaşa...

Hər yolun öz avtomobili, hər avtomobilin öz yolu var

Sənin seçimin sənin yolunla inamla gedəcəkdir. Avtomobil sənin nə istədiyini bilmək istəyir. Bildisə, sən istədiyin yerə rahat və təhlükəsiz gətirib çaxaracaqdır. Əmin ola bilərsən. Avtomobilin də qəlbi var, onun da ürəyi var. Onun da yollara sürətə və komforta sevgisi var.

Avtomobilin qəlbini duy, ona qayğı və nəvazişini əsirgəmə, axı dost dar ayaqda tanınar...

Avtomobilin rəngi sənin zövqünün və xəyallarının təcəssümüdür. Arzularının təzahürüdür. Avtomobillər təkmilləşir, yeni model və stillər, yeni texnoloji nailiyyətlər və tətbiqlər, həm də səni inkişaf etdirir, tendensiyaları duyur və təkmilləşirsən. Bu da həyatın qanunudur, heç nə bir yerdə donub dayanmır, hər şey inkişafda və təkamüldə və hərəkətdədir.

Avtomobil müasir birgəyaşayışın vacib elementlərindən biridir və insanın mədəni səviyyəsinin göstəricisidir. Bunu hər bir avtomobil həvəskarı, hər bir sürücü, hər bir yol hərəkəti iştirakçısı bilməlidir.

 

Teymur Məmmədov

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33