Axtar

Nazirlər Kabineti 3 ay ərzində startaplar üçün meyarlar hazırlayacaq

Prezident İlham Əliyev Nazirlər Kabinetinə 3 ay ərzində startapların müəyyən olunması meyarlarını müəyyən etməyi tapşırıb.

Müvafiq tapşırıq dövlət başçısının Vergi Məcəlləsinə dəyişikliklərin təsdiq edilməsi haqqında fərmanında nəzərdə tutulub.

Vergi Məcəlləsinə dəyişikliklər mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaperlərin startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilməsini nəzərdə tutur.

Dəyişikliklər, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün uzunmüddətli vergi güzəştlərinin tətbiqini nəzərdə tutur.

Xüsusilə kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilir.

KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı da 7 il müddətinə ƏDV-dən azad edilir.

Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.

Mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir. Bundan əlavə, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər.

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33