Axtar

Tenderlə bağlı bir sıra dəyişikliklər edildi - QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə” 2002-ci il 2 avqust tarixli 124 nömrəli, “Güzəştlərin tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli və “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası ­Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 535; 2016, № 4, maddə 831) ilə təsdiq edilmiş “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambulaya “malların (işlərin və xidmətlərin)” sözlərindən sonra “dövlət vəsaiti hesabına” sözləri əlavə edilsin;
1.2. 9-cu hissənin cədvəlinə “Tender təklifinin təqdim olunduğu tarixi və vaxtı” sütunundan sonra “Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat” sütunu əlavə edilsin.
2. “Güzəştlərin tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 648; 2016, № 7, maddə 1364) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından “, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi” sözləri çıxarılsın;
2.2. 2-ci hissə ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 149) ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. preambulaya “malların (işlərin və xidmətlərin)” sözlərindən sonra “dövlət vəsaiti hesabına” sözləri əlavə edilsin;
3.2. 13.1-ci bənddə “30” rəqəmi “15” rəqəmi ilə əvəz edilsin;
3.3. 13.2-ci və 13.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“13.2. Sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir.
13.3. Müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə İcraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.”;
3.4. aşağıdakı məzmunda 13.5-ci bənd əlavə edilsin:
“13.5. Müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən olunmuş məbləğdə faiz hesablanır.”;
3.5. 14.1-ci bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.9-3-cü maddəsi nəzərə alınmaqla, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2-5 faizi həcmində müəyyən olunur.”;
3.6. 16-cı hissənin birinci cümləsinə “halda” sözündən sonra “tender təklifində göstərilən subpodratçı ilə” sözləri əlavə edilsin və həmin hissəyə aşağıdakı məzmunda yeddinci cümlə əlavə edilsin:
“Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, submüqavilələrin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.”.


Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33