Bank

Əhali banklardan dollar alışını azaltdı, daha çox dollar satdı. Nağd valyuta mübadiləsi üzrə təhlil nəyi göstərir?

Azərbaycanda əhalinin banklara dollar satışı dollar alışını üstələyib. ENA.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında mübadilə məntəqələrində əhalidən nağd dollar alışının həcmi 965 milyon 180 min dollar təşkil edibsə, bu ilin yeddi ayında bu rəqəm 1 milyard 177 milyon 842 min dollar olub. Yəni, nağd şəkildə dollar satışının həcmində 22 faizlik bir artım baş verib. Yalnız iyun ayında əhali 230 milyon dollar satıb.

Ən böyük artım əhalinin avro satışında qeydə alınıb. 2024-cü ilin yanvar-iyul aylarında mübadilə məntəqələri nağd şəkildə 68 milyon 908 min avro almışdısa, bu ilin eyni dövründə bu rəqəm 119 milyon 916 minə yüksəlib. Avronun nağd şəkildə banklar və mübadilə məntəqələri vasitəsilə alışında artım 74 faizdir.   

Bankların nağd şəkildə funt-sterlinq alışı isə azalıb və 4 milyon 248 minə düşüb.

Rublun mübadilə məntəqələri vasitəsilə alışı keçən ilin yeddi ayında 4 milyard 394 milyon 847 min  olubsa, bu ilin eyni dövründə 5 milyard 849 milyon 357 min rubla çatıb, 33 faiz artım olub.

Beləliklə, görünür ki, əhali əlindəki dollar, avro, rubl satışını artırıb. Bu, insanların artıq valyuta yığımını azaltdığını, pulunu manatda xərclədiyini deməyə əsas yaradır.

Əhalinin valyuta alışı azalıb

Əhalinin banklardan dollar alışı isə 2025-ci ilin yeddi ayında 1 milyard 156 milyon 733.6 min olub, halbuki keçən il bu göstərici 1 milyard 516 milyon 686 min dollar təşkil edib. Bu, 24% azalma deməkdir.

Banklar bu il 101 milyon 350 min avro satıblar, keçən il isə əhalinin avro alışı 111 milyon 999 min avro olub. Həmçinin keçən il banklardan 10 milyon 403 min funt sterlinq alınıbsa, bu il 10 milyon 171 minə düşüb.

Eləcə də bankların əhaliyə rubl satışında azalma baş verib. 2024-cü ilin eyni dövründə banklardan 1 milyard 430 milyon 506 min dollar alınmışdısa, 2025-ci ildə bu rəqəm 1 milyard 238 milyon 440 min rubl olub.

Beləliklə, əhali dollar, avro, funt, rubl almağı azaldıb. Yəni, valyutaya gündəlik tələbat zəifləyib, yığıma keçid tendensiyası düşüb. Eyni zamanda burada manatın artıq 8 ildir ki, məzənnə sabitliyinin də rolu böyükdür.

Ümumiləşdirsək, demək olar ki, nağd şəkildə valyutaya tələb azalır, təklif artır.  Bu isə manatın mövqeyini gücləndirir, çünki əhali daha çox valyuta satır, daha az alır. Həmçinin əhalinin davranışı göstərir ki, dollar və avro saxlamaq üçün iqtisadi aktivlik zəifdir, çünki yığıma yol açan gəlirlər azalıb. Rubl isə daha çox “keçid valyutası” rolundadır, ticarət səbəbilə dövriyyəsi çoxdur, amma yenə əhali tərəfindən banklara satışı alışı üstələyir. Funt-sterlinq isə yan valyuta olaraq çox istifadə olunmur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)