Sosial iqtisadiyyat

“28 May”dan ancaq bu qatarlara minə biləcəyik

“Bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur. Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaq”.

Eləcə də oxu: Metroda tunel tikintisi zamanı sərnişinlərə alternativ nəqliyyat təklif olunacaq

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Bakı metropolitenində xətlərin ayrılması istiqamətində başlanılan kompleks tədbirlərlə bağlı yaydığı məlumatda bildirilib. 

Bildirilib ki, əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər:

“Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcək. Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaq. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)