Sosial iqtisadiyyat

Nazirdən yeni təyinat

DOST Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin edilib.

Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlkin Zabil oğlu Məmmədov Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İlkin Məmmədov əmək fəaliyyətinə 2008-ci ildə başlayıb. 2016-cı ilədək bir neçə özəl müəssisədə, 2021-ci ilədək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, daha sonra isə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində maliyyə sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2021-ci ildən DOST Agentliyində fəaliyyətə başlayıb və yeni vəzifəyə təyin olunanadək “Maliyyə və büdcə” şöbəsinin müdiri, “Mühasibatlıq” şöbəsinin müdiri, “Maliyyə və mühasibatlıq” departamenti müdirinin müavini və həmin departamentin müdiri vəzifələrində çalışıb.

İlkin Məmmədov maliyyə sahəsi üzrə bir sıra yerli və beynəlxalq sertifikatlara malikdir. O, Böyük Britaniyanın “Sertifikatlı Maliyyə Menecerləri İnstitutu”nun (Institute of Certified Financial Managers UK–ICFM) üzvüdür və eyni zamanda İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə fəlsəfə doktoru proqramında təhsilini davam etdirir.(Unkal)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)