Bank

Azərbaycanda 2025-ci il üzrə sistem əhəmiyyətli banklar açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyətdə olan sistem əhəmiyyətli bankların saiyahısını açıqlayıb.

Məlumata əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “Paşa Bank” ASC və “UniBank” ASC-dir.

Mərkəzi Bankı qanunvericiliyə müvafiq olaraq, sistem əhəmiyyətli bankların meyarlarını və həmin meyarlar əsasında sistem əhəmiyyətli bankları müəyyən edir. Qeyd edək ki, ölkəmizin bank qanunvericiliyinə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər 2017-ci ildə gətirilmiş, Meyarların ilk versiyası 2019-cu ildə təsdiq edilərək sistem əhəmiyyətli bankların müəyyən edilməsinə başlanılıb.

Sistem əhəmiyyətli banklar bütün maliyyə sektorunun dinamikasını müəyyən edir. Həmin bankların əməliyyatlarının əhatə dairəsi və həcmi nəzərə alınaraq, bu banklar üzrə maliyyə dayanıqlığının pozulması sistem risklərin aktivasiyasına gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bankın əsas vəzifəsi hər hansı bankın sistem əhəmiyyətliliyini adekvat şəkildə müəyyən etməkdən ibarətdir. Bunun üçün potensial riskləri azaltmaq məqsədilə sistem əhəmiyyətli banklara münasibətdə düzgün uyğunlaşdırılmış tənzimləyici tələblərin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Bununla belə, bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük deyil. Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir. Əksinə, sistem əhəmiyyəti bankın rəhbərliyinin bütövlükdə maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında artan məsuliyyəti deməkdir. Bu isə öz növbəsində, belə bankların əlavə normativ tələblərə əməl etməsini zəruri edir. Buna nümunə olaraq, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələblərini (məcmu və birinci dərəcəli kapitalının adekvatlığı üzrə), fərqli leverec əmsalı tələbini göstərmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)