Azərbaycandakı bankların 55 faizinin depozit portfeli "əridi" - RENKİNQ - SƏBƏBLƏR

Azərbaycan banklarının öhdəliklərinin strukturunda ən böyük payı olan depozit portfelidir. Bu ilin birinci rübündə 22 bankdan 12-sində depozit portfelinin “əriməsi” tendensiyası müşahidə olunub. ENA.az olaraq, əvvəlcə portfel üzrə dinamikanı diqqətinizə təqdim edir və banklarda depozitlərinin həcminin azalmasının səbəblərini izah etməyə çalışacağıq.
Əvvəlcə onu qeyd edək ki, depozit portfeli üzrə ən yaxşı müsbət dinamika Rusiyanın ölkəmizdəki bankı olan Bank VTB Azərbaycanda müşahidə edilib.
Azərbaycandakı Türk banklarında depozit hesabları daha güclü şəkildə kiçilib. “Qırmızı zonada” liderlər “YapıKredi Bank” Azərbaycan və “Ziraat Bank” Azərbaycandır. Bu isə öz növbəsində artıq ipucu kimi hüquqi şəxslərin depozitlərinin həcminə diqqət yetirməyin lazım olduğunu göstərir.
Ümumi dinamika ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. Portfelin kiçilməsinin səbəblərinə isə cədvəldən sonra açıqlama gətirilib.
Banklar |
Depozit portfelinin həcmi, 2025-ci il, I Rüb, mln manatla
|
Depozit portfelinin həcmi, 2024-cü il, yekun, mln manatla
|
Rüblük dinamika, % ilə
|
Bank VTB (Azərbaycan) ASC |
128.4 |
114.2 |
12.4 |
Premium Bank ASC |
401.3 |
377.7 |
6.2 |
Bank of Baku |
618.5 |
592.5 |
4.4 |
Azərbaycan Sənaye Bankı ASC |
483.3 |
465.9 |
3.7 |
AccessBank QSC |
1060.2 |
1026.5 |
3.3 |
Rabitəbank ASC |
690.1 |
677.2 |
1.9 |
ABB ASC |
10128.4 |
10006.5 |
1.2 |
Bank BTB ASC |
146.9 |
145.2 |
1.2 |
Kapital Bank ASC |
9003.9 |
8978.3 |
0.3 |
Unibank KB ASC |
1205.3 |
1204.7 |
0.0 |
Bank Melli İran Bakı filialı |
35.3 |
35.6 |
-0.8 |
Expressbank ASC |
259 |
262.1 |
-1.2 |
PAŞA Bank ASC |
6320.8 |
6410.1 |
-1.4 |
Yelo Bank ASC |
913.5 |
928.8 |
-1.6 |
AFB Bank ASC |
130.8 |
133 |
-1.7 |
Xalq Bank ASC |
1818.8 |
1905.4 |
-4.5 |
TuranBank ASC |
437.8 |
461.5 |
-5.1 |
Azər Türk Bank ASC |
1382.2 |
1460 |
-5.3 |
Bank Avrasiya ASC |
57.4 |
63 |
-8.9 |
Bank Respublika ASC |
1212.2 |
1348.1 |
-10.1 |
Ziraat Bank Azərbaycan ASC |
472.2 |
565.7 |
-16.5 |
Yapı Kredi Bank Azərbaycan QSC |
387.1 |
534.8 |
-27.6 |
Yuxarıda qeyd etdiyimiz kimi, 12 bankda depozitlərin azalması ilk növbədə hüquqi şəxslərin hesabları ilə bağlıdır. Belə ki, hər iki türk bankında əsasən ticarət tərəfdaşlarının vəsaitləri yerləşir. Gömrük Komitəsinin statistikasına görə, Türkiyə ilə ötən ilin birinci rübündə idxal 14,51 faiz, ixrac 15,55% təşkil etdiyi halda, bu il yanvar-mart aylarında müvafiq olaraq 13,11 və 10,45 faizə düşüb. Rusiya ilə ticarət həcmi isə əksinə artıb və üstəlik, Rusiya bankları arasında sanksiya siyahısına düşənlərin sayı artdıqca bu ölkə ilə biznes əlaqələri olan azərbaycanlı hüquqi şəxslər hesablarını VTB bank-a daşıyırlar.
Eyni zamanda daha çox iş adamlarının bankı, yəni korporativ bank olan Bank Respublikanın hesablarındakı azalmalar da hüquqi şəxslərin vəsaitlərinin kiçilməsindən xəbər verir. Bu cədvəl ilin əvvəlini əhatə etdiyi üçün həmin dövrdə bəzi bizneslərdə əlavə qalan depozitin çıxarılaraq yenidən biznesə qoyulması amili də rol oynayır.
Son olaraq qeyd etmək istərdik ki, bu cədvəldə görünən tendensiyanı Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada hüquq şəxslərin hesabındakı dinamika da təsdiqləyir. Belə ki, 2024-cü ildə hüquqi şəxslərin depozitlərinin həcmi 23 milyard 397.5 milyon manat olubsa, yanvar-fevral aylarında 23 milyard 311.7 milyon manata düşüb.