Sənaye

Azərbaycanda ilk dəfə olaraq smart televizorlar istehsal ediləcək

“Taube Electronics” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

Bu barədə İZİA-nın mətbuat katibi Elçin Kazımlı məlumat verilib.

Məlumata görə, şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq smart televizorların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.

“Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək Parkda görülmüş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)