Azərbaycan vətəndaşlarının Əbu-Dabi birjasına çıxışı hansı imkanlar açacaq?

Bakı Fond Birjası (BFB) Əbu-Dabidəki birja ilə əməkdaşlığı dərinləşdirməyə çalışır. Artıq bununla bağlı ikitərəfli memorandum imzalanıb. BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilovun sözlərinə görə, BFB region ölkələrinin birjaları ilə daha sıx inteqrasiya etməyi planlaşdırır.
Məqsəd yerli broker və investisiya şirkətlərinin xarici bazarlara çıxışını asanlaşdırmaq, eyni zamanda xarici iştirakçıların da Azərbaycan bazarına inteqrasiyasını təmin etməkdir: "Əbu- Dabidə fəaliyyət göstərən hər hansı bir broker və yaxud investisiya təşkilatı BFB-nin məsafədən üzvü olaraq, bizim bazarda öz məhsullarını təqdim edə bilər. Eyni zamanda, Azərbaycandakı hər hansı broker şirkəti də Əbu-Dabi, Oman, yaxud Qazaxıstan birjalarına qoşula bilər".
R.Xəlilov qeyd edib ki, qarşılıqlı əməkdaşlıq və əlaqələrin qurulması qiymətli kağızlar bazarının həm tələb, həm də təklif baxımından genişlənməsinə səbəb ola bilər. Lakin bu istiqamətdə bəzi hüquqi çətinliklər mövcuddur. Hüquqi-normativ aktlarda müvafiq dəyişikliklərin gözlənildiyini deyən sədr bunun mərhələli şəkildə həyata keçirilən transformasiya olduğunu vurğulayıb. Onun sözlərinə görə, son 3-4 ayda texniki diaqnostika aparılıb, ticarət sistemləri və infrastrukturun gücləndirilməsi istiqamətində işlər görülüb.
Hazırda qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş aparılır. Bu barədə açıqlama verən Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müşaviri Vüqar Əliyev bildirib ki, 2025-ci ilin sonuna "Kapital bazarları haqqında” qanunvericilik paketinin həm ölkə Prezidentinə, həm də Nazirlər Kabinetinə təqdim edilməsi planlaşdırılır. Bunun kapital bazarlarında yeni mərhələ olacağını deyən V.Əliyev vurğulayıb ki, kapital bazarlarının fundamental olaraq inkişaf etdirilməsi üçün böyük layihə həyata keçirilir. AMB buraya təkcə kapital bazarları sektorunu deyil, digər sektorları da cəlb edib.