Birja

"Repo investisiya aləti kimi bazarda düzgün likvidlik idarəçiliyini pozur"

Azərbaycanda reponun investisiya alətinə çevrilməsi kapital bazarının konsentrasiyasına təsir göstərir.

Bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.

Onun sözlərinə görə, repo əməliyyatlarının investisiya aləti kimi istifadə olunması bazarda düzgün likvidlik idarəçiliyini pozur: “Əgər kimsə 7 gündən çox müddətə repo əməliyyatı həyata keçirirsə, bu, artıq həmin vasitənin likvidliyin idarə edilməsi məqsədilə yox, bazarda əlavə faiz marjası gəliri əldə etmək üçün istifadə edildiyini göstərir. Bu, ənənəvi investisiya alətlərininin dövriyyədəki payını azaldır. Burada bir prinsip var – qısa və uzunmüddətli borcun uzlaşdırılması. Əgər uzunmüddətli aktivlər qısamüddətli borc ilə maliyyələşdirilirsə və bazarda faizlər qalxarsa, bu, birbaşa olaraq IFRS standartlarına uyğun olaraq "Comprehensive Income"a mənfi təsir göstərir”.

R. Xəlilov əlavə edib ki, bazarda əsas prinsip depozitlər, istiqrazlar və kreditlər arasında faiz marjasının qorunmasıdır: “Əgər bank depozitlərdən topladığı vəsaiti şirkətə kredit kimi verirsə, bu zaman faiz marjası yaranır. Şirkətlər istiqraz buraxanda o faiz bankın kreditindən aşağı olmamalıdır, əks halda heç kim bankdan kredit götürməz. Eyni zamanda, bankın təklif etdiyi faiz istiqrazın təklif etdiyi faizdən aşağı olarsa, investorlar depozit qoymaq əvəzinə, istiqraza üstünlük verər. Burada risk amili də vacib rol oynayır. Hansı şirkətə investisiya edildiyi, onun kredit reytinqi nəzərə alınmalıdır”.

O vurğulayıb ki, yüksək faizli istiqrazların bazarda artımı likvidlik ehtiyacından, risklərin yüksəkliyindən qaynaqlanır: “İnvestorlar yüksək faiz tələb edirsə, bu, risklərin yüksək olduğunu göstərir. Lakin ümumilikdə, Azərbaycanda faizlərin qalxması makroiqtisadi kontekstdə Amerika və Avropa bazarlarında müşahidə edilən proseslərlə əlaqəli deyil. Bizim bazar fundamental olaraq onlardan asılı deyil, arada arbitraj mexanizmi yoxdur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)